Şahbuzda vətəndaşların müraciətlərinə baxılıb

 

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov vətəndaş qəbulu çərçivəsində Şahbuz Rayon İcra Hakimiyyətinin iclas zalında rayonun sakinləri ilə görüşüb. Görüşdə həmçinin İcra Hakimiyyətinin başçısı Rəfael Babayev, nazirliyin məsul əməkdaşları, Gənclər və idman idarəsinin rəisi iştirak ediblər.

Qəbul üçün müraciət etmiş vətəndaşların təklif və şikayətləri dinlənilib. Müraciətlərin əsksəriyyəti rayonda idman infrastrukturunun gücləndirilməsi zərurəti ilə bağlı olub. Rayon mərkəzində və kəndlərdə əhalidə idmana olan maraq və asudə vaxtın səmərəli təşkili nəzərə alınmaqla idman zalları, futbol stadionu və ya meydançalarının tikilməsinə ehtiyac olduğu bildirilib. İdman avadanlıqları ilə təminat, gənclərin işğaldan azad olunmuş ərazilərə ekskursiyası məsələləri gündəmə gətirilib. Müraciətlərinin həlli üçün müvafiq qeydiyyatlar aparılıb. Bəzi problemlərin həlli istiqamətində görüləcək işlər gözdən keçirilib, məsləhətləşmələr aparılıb.

Qeyd edək ki, vətəndaş qəbulu çərçivəsində Nazirliyin rəhbər və nümayəndə heyətinin növbəti səfəri yanvarın 25-də Culfa rayonuna olacaq.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti